Supermarketlərin reytinqi
Ayın ən yaxşı marketini siz seçin.
04 Yanvar 2017 16:06   342


Böyütmək üçün şəklin üstünə tıkla
Bazardaki Piranhalar və Suların Axmazlığı

Güney Amerikanın axar sularında yaşayan, kiçik amma yırtıcılığı ilə diqqət çəkən balıq cinsidir “Piranhalar”.

Bu cinsin ən fərqləndirici özəlliyi güclü əzələlərə bağlı alt və üst çənəsində sıralanmış ülgüc kimi dişləridir. Çənəsi qapandığı zaman dişə keçirdiyi canlının onun əlindən parçalanmadan qurtulmaq şansı yoxdur. 200 litr suyun içinə düşmüş bir damla qanın qoxusunu rahatlıqla ala bilir və qan damlasının düşdüyü yerə doğru hücum edir.

Ən böyük növü 60 sm olan bu balaca əjdahalar sularında başqa canlıların yaşamağına şərait yaratmırlar.

Girişi oxuduğunuz zaman düşünə bilərsiniz yırtıcı Piranha balıqlarının Supermarketingdə nə işi var?

Bizim Cəbiş Müəllim filmində dezertir olmadığını oğlu Namiqə başa salmağa çalışan atanın monoloqundan bir parça:

“Sən bilirsən ki, mən neft mühəndisiyəm, mədəndə işləyirəm, neft çıxardıram. Onu da yaxşı bilirsən ki, neft olmasa , nə tank yeriyər, nə də təyyarə uçar.”

Tam burda bir Stop Kadr.........

Biz 2016-cı ildə neftin sadəcə mühərrikli vasitələri hərəkətə gətirmədiyini, ölkəmizdəki bütün hərəkətin onun turbalar içində bahalı axması ilə düz mütənasib olduğunu öyrəndik. Bunu cibimizdəki pulumuz, əynimizdəki şalvarımız, sobamızdaki qazımız, səhər yeməyindəki yağımız, otağımızda yanan lambuşkamız differensiallaşınca öyrəndik.

Burdan ora dolu gedən trubanın orda bura gətirdikəri bir kasa bozbaşa toya gedən musiqiçilər kimi qarın toxluğuna yaşamağımıza ancaq bəs edəcəyi zaman öyrəndik.

Və bir şeyi daha öyrəndik.
Bizim Bazarın Piranhalarını...

(Sektorların Piranhalarını ələ alan yazılara davam edəcəyim üçün ümumi bir dəyərləndirmə edirəm)

Biz əslində rəngli dərisinin günəşin parlaq şuaları altında göz oxşayan Piranhaların sularımızda başqa canlılara yaşama şansı vermədiyini öyrəndik.

Gölməçəmizə sular axdığı zaman sözü gedən yırtıcılar nə “Kürüsü qiymətlidir çoxalsın” deyib nərəni yaşatmadılar, nə “Südündən qatıq olacaq, pendir olacaq” deyib gölə su içməyə gələn Qaragöz inəyi.

Bu gün dağlardaki qarlar əridi və sular artıq axmaz oldu.

Gölməçə qurumağa, bizim yırtıcıların dərisinin rəngi solmağa başladı.

Uzun çəkməyəcək susuzluqdan sonunda sadəcə günəşdən qurumuş sümükləri qalacaq.

Yenidən bu gölməçədə həyatın başlaması bəlkə illər alacaq, bəlkə on illər.

Və günün birində bizim gölməçələrə sular yenə axmağa başladığı zaman artıq orda yaşaması gərəkən elə öz kilkəmiz, öz nərəmiz, öz kefalımız, öz çapağımız olmalıdır.

Növbəti ilin dəyərləndirməsində sudaki qan qoxusuna hücum edən Piranhalar yerinə bu ­sulardan dünya dənizlərinə üzən balıqlarımızdan yazmaq ümidi ilə...

Elşən S. Məhərov


Oxşar yazılar
04 Yanvar 2017 15:50
Pərakəndə savaşları
Pərakəndə sektoru İqtisadiyyatın qızıl qanadlı bülbülüdür. (c)

Paylaş